Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə Pekində “Çin və dünya: bəşəriyyət naminə ortaq gələcəyə doğru” adlı beynəlxalq konfrans keçirilib.

Konfransa müxtəlif ölkələri, beynəlxalq təşkilatları təmsil edən 200-dən çox alim, mütəxəssis, siyasətçi, keçmiş dövlət xadimləri qatılıb. Tədbir çərçivəsində qlobal inkişafın bərpası, insan və təbiətin ortaq taleyi, sivilizasiyalararası mübadilənin dərinləşməsi, yoxsulluğun azaldılması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, dövlət idarəetmə təcrübəsi mövzularında paralel panellər təşkil olunub.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev sivilizasiyalararası əlaqələrin inkişafında tərcümənin rolu haqqında mühazirə ilə çıxış edib. O, Azərbaycan və Çin xalqları arasında mədəni münasibətlərin tarixinə qısa nəzər salaraq, bəzən coğrafi, bəzən geosiyasi amillərə görə iki ölkə arasında mədəni rabitənin hələ lazımi səviyyədə qurulmadığını vurğulayıb. Amma hazırda sürətlə inkişaf edən Azərbaycan-Çin münasibətlərində mədəni əlaqələrin xüsusi önəm daşıdığı və bu yöndə tərcümə sənətinin mühüm rolu faktlarla diqqətə çatdırılıb.