Mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul nümayəndələri iyulun 8-də Azərbaycan Dövlət Pantomima Teatrında olublar.
Nazirliyin heyətinə teatrın tarixi, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, o cümlədən beynəlxalq festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.
Adil Kərimli Dövlət Pantomima Teatrının binası, truppası, repertuarı, kollektivin yaradıcılıq şəraiti ilə tanış olub.
Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.
Teatrın artistlərinin ifasında Xalq artisti, Dövlət Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 nömrəli palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.
Teatrın ilk yaradıcılıq nümunələrindən olan “Pantomim buketi” 1994-cü ildə hazırlanıb. İntermediya nömrələrindən ibarət tamaşa 2022-ci ildə yenilənmiş aktyor heyəti ilə bərpa edilib.
Böyük rus yazıçısı Anton Çexovun məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən “6+1 palata” tamaşası isə ağıllı insanın yalqızlığının pantomim ifadəsidir.
Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.