Vatikan da forumda yüksək səviyyədə təmsil olunacaq

 

Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlər yüksək səviyyədədir. Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla əlaqələri inkişaf edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu sözləri iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşündə söyləyib.

A.Paşazadə qeyd edib ki, etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvətidir. Biz bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdik. Məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur.

“Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir. Erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan – Dünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər”, – deyə Allahşükür Paşazadə vurğulayıb.

Azərbaycanda Dünya dini liderlərinin III Sammitinə hazırlıq görüldüyünü deyən QMİ sədri əmin olduğunu bildirib ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da yüksək səviyyədə təmsil olunacaq.

Allahşükür Paşazadə Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin təsis olunması istəyini də dilə gətirib. “Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, – deyə o əlavə edib.