Xəbər verdiyimiz kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Xurşidbanu Natəvanın “Gül dəftəri” təsvirli şeirlər albomu UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınıb.

UNESCO-nun baş direktorunun imzası ilə müvafiq sertifikat bu günlərdə Əlyazmalar İnstitutuna təqdim edilib.

AMEA-dan bildirilib ki, bu əlamətdar hadisə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bərabər, ölkəmizin aidiyyəti qurumlarının birgə uğurlu fəaliyyətinin nəticəsidir. Gələcəkdə bu kimi sənədli irsimizin digər nümunələrinin sözügedən reyestrə daxil edilməsi ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.

Qeyd edək ki, Xurşidbanu Natəvanın “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu” nominasiyası Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri dosent Nigar Babaxanova tərəfindən tərtib edilərək UNESCO-nun müvafiq komissiyasına təqdim olunub.