Tovuz döyüşlərindən üç il ötür...

 

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yeri olan 2020-ci ilin Tovuz döyüşlərindən (12-16 iyul) üç il ötür. 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra 2020-ci il Tovuz döyüşləri Vətən müharibəsində tarixi Zəfərə doğru gedən yolda önəmli mərhələ idi. O tarixi xronikanı musiqi-sənət termini ilə ifadə etsək, iyul ayındakı beşgünlük döyüşlər faktiki olaraq 44 günlük müharibə öncəsi qəhrəmanlıq prelüdü idi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri sərhədin Tovuz rayonu istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutaraq hücuma keçməyə cəhd göstərib. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o itki verərək geri oturdulub.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görülüb.

Həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin təxribatlarının qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər.

Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında davam edib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş zərbələri endirilib. Böyük itki verən düşmən geri çəkilib.

İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin vaxt müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar. Bu, Azərbaycan Ordusunun yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirməsini dünyaya nümayiş etdirib.

Düşmən mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Ali Baş Komandan  Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.

Azərbaycan Ordusu şəhidlərimizin qisasını alıb, düşmənin atəş mövqeyindəki artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə yerlə yeksan edilib. Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. İyulun 15-nə keçən gecə on minlərlə gənc paytaxtda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib.

Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən cavab atəşi ilə susdurulub.

Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Xalq öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycanın döyüş meydanında Ermənistana necə ağır zərbə vura biləcəyini göstərib. Döyüşlərdə düşmənin yüzdən çox hərbçisi məhv edilib, onlarla döyüş texnikası sıradan çıxarılıb.

Bu döyüşlərdən təxminən iki ay sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı diz üstə qoyaraq torpaqlarımızı işğaldan azad etdi.