Azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir. Bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. İki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan şirkətləri tərəfindən reallaşdırılır.

Prezident İlham Əliyev bunu iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin büdcəsinin dürüstləşməsindən sonra iki əsas istiqamət – Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılmasıdır.  Birinci istiqamətlə əlaqədar hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik.

Zəngilan rayonunun Ağalı kəndindən sonra bu il Talış kəndinə (Tərtər) və Laçın şəhərinə sakinlərin qayıtmasının təmin edildiyini söyləyən İlham Əliyev bildirib ki, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar: “Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə –  bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.

Prezident vurğulayıb ki, ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

Biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir – həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində.

Müşavirə haqqında ətraflı qəzetin növbəti sayında...