İyulun 12-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam oldu.

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Təşkilatın yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “TÜRKSOY – 30” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitab və məqalələr nümayiş olunur.

Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turksoy/index.htm linkindən istifadə edə bilərlər.

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə videomaterial, biblioqrafik vəsait və ənənəvi sərgi hazırlanıb.

“TÜRKSOY – 30” adlı videomaterialda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaranma tarixindən bu günə qədər olan inkişaf yolu, təşkilatın yaradılma məqsədi, üzv ölkələri olan türkdilli ölkələrin birliyi, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, Azərbaycanlə birgə layihələri haqqında məlumat verilir. Videomaterialda həmçinin Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı məlumatlar da əks olunub.

“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – 30” adlı biblioqrafik vəsaitdə TÜRKSOY haqqında ümumi məlumat, Türk xalqları arasında qarşılıqlı mədəni əlaqələrin yeni ənənələri, türk dövlət başçılarının zirvə toplantıları, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Daşkənddə TÜRKSOY-un baş katibi Sultan Raevlə  görüşü və digər məlumatlar təqdim olunur. Vəsaitdə “Türk dünyasının birliyi ideyası və Heydər Əliyev”, “Heydər Əliyev və Türk dünyası”. “TÜRKSOY obyektivindən Azərbaycan”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin mənbəşünaslığı”, “Türk xalqları ədəbiyyatı oçerkləri” və digər nəşr nümunələrinin biblioqrafik təsvirləri yer alıb.

Kitabxanada eyni zamanda əlamətdar yubileylə bağlı ənənəvi kitab sərgisi də açılıb. Sərgidə mövzuya dair kitablar və dövrü mətbuat materialları nümayiş olunur.