“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən bildirilib ki, layihənin məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksəkkeyfiyyətli sənədli film hazırlamaqdır. Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, beynəlxalq ictimaiyyətin bu sahədə məlumatlılıq səviyyəsini artırmaqdır. Filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Artıq filmin yaradıcı heyətinin ilk görüşü keçirilib. Görüşdə hazırlanacaq sənədli filmlə bağlı zəruri detallar müzakirə edilib və atılacaq növbəti addımlar müəyyənləşdirilib.

“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına töhfə verilməsi üçün bu sahədə maarifləndirici silsilə və kompleks fəaliyyətlərin həyata keçirilməsi çox önəmlidir. Bu vacib missiyada da AJN komandası öz məxsusi rolunu oynamaq istəyir. Sənədli filmin bu ilin noyabr ayınadək 2 dildə hazırlanması və geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.