Olaylar, faktlar (14–17 iyul)

 

570 il əvvəl...

 

17 iyul 1453-cü ildə Avropa tarixində ən uzun savaş – Fransa ilə İngiltərə arasındakı “Yüzillik müharibə” (1337-1453, fasilələrlə) başa çatıb. Bordo yaxınlığındakı son döyüşdə Fransa qüvvələri ingilis qoşunlarını məğlub edib. Müharibənin yekunlarına dair formal sülh razılaşması imzalanmadı. Bununla belə, İngiltərə Fransada ələ keçirdiyi əraziləri itirdi.

 

234 il əvvəl...

 

14 iyul 1789-cu ildə Fransada inqilab baş verib. Üsyançı kütlələr Parisdəki Bastiliya qalasını ələ keçirib. XIV əsrdə inşa edilən Bastiliya Fransada mütləqiyyətin simvolu sayılırdı. Bir il sonra qala uçuruldu. Bastiliyanın alınması ilə başlanan inqilabi sarsıntılar bütün Avropada rezonans doğurdu. 1880-ci ildən 14 iyul Fransanın milli bayramı kimi qeyd olunur.

 

219 il əvvəl...

 

16 iyul 1804-cü ildə Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqavilələrinə (14 və 21 may 1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.

 

182 il əvvəl...

 

15 iyul 1841-ci ildə Londonda İstanbul boğazları (Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Çanaqqala (Dardanel) boğazları) haqqında konvensiya imzalanıb. Osmanlı imperiyası, Britaniya, Fransa, Rusiya, Prussiya və Avstriya arasında imzalanan sənədə əsasən, boğazlardan xarici gəmilərin keçməsinə icazəni ancaq Osmanlı dövləti verə bilərdi.

 

105 il əvvəl...

 

15 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb.

17 iyul 1918-ci ildə Yekaterinburq şəhərindəki “İpatyev evi”ndə Rusiya imperiyasının sonuncu çarı II Nikolay ailəsi (xanımı Aleksandra, dörd qızı, oğlu Aleksey) və yaxınları ilə birlikdə güllələnib. Çar ailəsinin güllələnməsi barədə əmri Lenin vermişdi. Vladimir İliç 1887-ci ildə çar III Aleksandrın (II Nikolayın böyük qardaşı) əmri ilə edam olunmuş qardaşı Aleksandrın qisasını belə aldı.

 

103 il əvvəl...

 

17 iyul 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri (iyun-dekabr 1918) Behbud ağa Cavanşir İstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib.

 

78 il əvvəl...

 

17 iyul 1945-ci ildə Berlin yaxınlığındakı Potsdam şəhərində faşist Almaniyası üzərində qələbənin və II Dünya müharibəsinin nəticələrinə dair beynəlxalq konfrans işə başlayıb. Potsdam konfransında üç qalib dövlətin – SSRİ, ABŞ və Britaniyanın liderləri İosif Stalin, Harri Trumen və Vinston Çörçill iştirak edirdi. Konfransda Almaniyanın sektorlara bölüşdürülməsi razılaşdırıldı. Konfransın qərarına əsasən, Yaponiya ilə haqq-hesab çəkilməsi SSRİ-nin üzərinə (ABŞ-nin dəstəyi ilə) qoyuldu.

 

54 il əvvəl...

 

14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın I katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevi Azərbaycan KP MK-nın I katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider kimi müstəsna yer tutacaq şəxsiyyətin böyük siyasətə və hakimiyyətə gəlişi idi.

 

50 il əvvəl...

 

17 iyul 1973-cü ildə Əfqanıstanda monarxiya devrilib, ölkə respublika elan olunub. Məhəmməd Zahir şah taxt-tacdan əl çəkib və mühacirətə (İtaliyaya) gedib. Sonrakı illərdə Əfqanıstanda fərqi təmayüllü siyasi rejimlər (o cümlədən 10 ildən artıq SSRİ-nin yönəltdiyi rejim) bir-birini əvəz etsə də, ölkədə sabitlik indiyədək bərqərar olmayıb.

Hazırladı: V.Orxan