Polşa Milli Assambleyasının aşağı palatası – Seymdə İkinci Dünya müharibəsi zamanı Ukraynanın Volın vilayətində yaşayan polyak əhaliyə qarşı törədilmiş qətliamla əlaqədar ekshumasiyanın aparılması qərara alınıb.

Polşa Ukraynanın Volın qırğınına görə günahını etiraf etməsini gözləyir. Bu barədə Seymin Volın soyqırımı qurbanlarının xatirəsinin anım günü ilə bağlı qəbul etdiyi qətnaməsində bildirilir.

Sənəddə qeyd edilir ki, Ukrayna günahını etiraf etməli və İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirməlidir. Eksqumasiya aparmaq, bütün soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək lazımdır. Səsvermədə 440 deputat iştirak edib və qətnamə yekdilliklə qəbul olunub.

Qeyd edək ki, 1943-cü ildə ukraynalı millətçilər Volındakı polyakları məhv etmək üçün əməliyyat keçiriblər. Məlumatlara görə, 50 minə yaxın polyak qətlə yetirilib. Polşa tərəfinin cavab cəza tədbirləri zamanı 2 minədək ukraynalı öldürülüb.

Polşa parlamenti iyulun 11-ni “Soyqırımı Qurbanlarının Milli Anım Günü” kimi təsis edib.