Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, iyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (85 nəfər) köçürülüb.

Xatırladaq ki, Laçın sakinlərinin doğma yurda qayıdışı mayın 28-də başlayıb. Ötən müddətdə (son köçlə birlikdə) Laçın şəhərində ümumilikdə 93 ailənin (351 nəfər) daimi məskunlaşması təmin edilib.