İsveçrənin Cenevrə şəhərində Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) Baş Assambleyasının, eləcə də təşkilata üzv dövlətlərin təmsil olunduğu müxtəlif assambleyaların 64-cü iclası keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi də təmsil olunur. Agentliyin nümayəndə heyəti Cenevrə şəhərinə ezam olunub.

Baş Assambleyanın iclasının birinci günü vəzifəli şəxslərin seçkisi keçirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov 180-dək dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqı Assambleyasının sədri seçilib. 1886-cı ildə qəbul edilmiş Bern Konvensiyası əsərlərin və onların müəlliflərinin hüquqlarının qorunması sahəsində ən böyük beynəlxalq müqavilədir. Qeyd edək ki, K.İmanov 2021-2023-cü illərdə DƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin Assambleyasına sədrlik edib.

K.İmanov Baş Assambleyanın iclasına onlayn rejimdə qoşularaq çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından iclas iştirakçılarını salamlayıb  və assambleyaların işinə uğurlar arzulayıb. Ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlərdən söz açan K.İmanov patent və əmtəə nişanları üzrə “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən PƏNAH elektron sistemi barədə məlumat verib. Bildirib ki, sistem üzrə sənədlərin qrafik materiallarının 3D model formatında qəbuluna başlanılıb.

DƏMT-yə üzv dövlətlərin assambleyalarının 64-cü iclası iyulun 14-də başa çatacaq.