Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsi yenidən qurulacaq

 

Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Prezident İlham Əliyev bu sözləri iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, mütləq rəqəmlər o qədər də böyük olmasa da, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesində artım 6,5 faiz, ümumilikdə qeyri-neft sektorunda 3 faizdən çoxdur.

Prezident diqqətə çatdırıb ki, 2023-cü ildə dövlət büdcəsi rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxıb. Üstəlik, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verib ki, büdcəyə əlavələr edək və indi o, 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq. “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”, – deyə İlham Əliyev bildirib.

İlin ilk altı ayında ümumi daxili məhsulun 60 milyard manatdan çox olmasını da mühüm nəticə kimi qeyd edən dövlət başçısı eyni zamanda bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.

Büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətdən biri olan Qarabağın və Şərqi Zəngəzurun bərpası barədə danışan İlham Əliyev bildirib ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir: “Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə (ötən il məskunlaşma başlanan Zəngilanın Ağalı kəndi də daxil – red.) vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin –  8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır... Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Prezident qeyd edib ki, 2024-cü ilin investisiya proqramı hazırlananda və gələn ilin büdcəsində Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxacağıq və elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək.