İyulun 13-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı təsdiqlənib. Bu məqsədlə AMEA-da respublika elmi konfransının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Rəyasət Heyətinin iclasında mövcud daxili imkanlar hesabına, əlavə maliyyə vəsaiti tələb olunmadan, müasir çağırışlara uyğun olaraq, akademiyanın bir sıra elmi müəssisələrində struktur dəyişiklikləri aparıldığı barədə məlumat verilib. Bildirilib ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin strukturunda mövcud şöbələrin bazasında Tarix, Arxeologiya və Epiqrafika, habelə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbələrinin yaradılması məqsədəuyğun hesab edilib. Eyni zamanda, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda Ümumi tarix şöbəsinin bazasında Dünya tarixi şöbəsinin yaradılması, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin yaradılması qərara alınıb.

Bundan əlavə, AMEA-nın Folklor, Əlyazmalar, Tarix, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Dilçilik, eləcə də Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub. Həmçinin Əlyazmalar İnstitutunda Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət şöbəsinin ləğv edilməsi və bunun bazasında Elmi xidmət şöbəsinin yaradılması, eləcə də Əlyazmalar İnstitutunda və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar hesabına kitabxananın yaradılması haqqında qərar verilib.