Ölkəmizdə qədim və zəngin ənənələri olan dekorativ-tətbiqi sənəti yaşadanlar sırasında Əlikram Zəkiyevin də adı çəkilir.

Daim yaradıcılıq axtarışında olan, ömrünün 30 ildən artıq bir dövrünü bu sənətə həsr edən Əlikram Cəbrayıl oğlu Zəkiyev 2 yanvar 1958-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından incəsənətə böyük maraq göstərib. 1981-1986-cı illərdə Ukraynanın Lvov şəhərində Tətbiqi və Dekorativ Sənət İnstitutunda (indiki Lvov Milli İncəsənət Akademiyası) təhsil alıb. Məzun olduqdan sonra doğma vətəninə qayıdan Əlikram Zəkiyev Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Birliyinin keramika sexində baş rəssam kimi bədii şüşə və keramika sahəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olub.

1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Əlikram Zəkiyevin yaradıcılığı öz orijinallığı ilə fərqlənir, tətbiq edilən forma və ornamentlərin zənginliyi ilə diqqət çəkir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı nümunələri müasir bədii keramika və şüşə sənətimizin uğurlu əsərlərindən saymaq olar.

Öz bədii düşüncələrini reallığa çevirmək üçün o, müxtəlif material və texniki üslublara müraciət edir. Əlikram Zəkiyev əl işlərini müxtəlif materiallardan – əsasən qırmızı, qara və boz gildən, eləcə də məmulatın qəliblənməsində bir çox üsuldan – dulus dəzgahından, yapmadan istifadə edir. Onları bişirdikdən sonra naxışlayır. Sənətkarın əsərlərində həm nəbati, həm də həndəsi naxışlara rast gəlmək mümkündür. Onlar arasında milli adət-ənənələrimiz, inanclarımızla bağlı rəmzlərə də təsadüf olunur. Bu baxımdan aypara, səkkizguşəli ulduz, buta, islimi və s. tip naxışlar xüsusən maraq doğurur. Bununla yanaşı, onun işləri arasında rəvayət və əfsanələrdən, real həyatdan götürülmüş süjetli səhnələrə, habelə quş və heyvan, Qobustan təsvirləri, miniatür, klassik əsərlərin tanınmış qəhrəmanlarının, o cümlədən tarixi şəxsiyyətlərin portret təsvirlərinə də rast gəlirik.

Forma və dekorativ həll ilə yanaşı, sənətkarın ərsəyə gətirdiyi nümunələr eyni zamanda öz rəng həllinin gözəlliyi, şəffaflığı və incəliyi ilə də seçilir. Onların bədii tərtibatında sənətkar əsasən şiraltı və şirüstü, həmçinin lüstr boyarlara, rəngli, şəffaf və qeyri-şəffaf şirələrə, duzlara, metal oksidlərinə və anqoba müraciət edir. Şirüstü və şiraltı boyalar əl işlərinin ümumi görkəmi ilə uyğunluq təşkil edir, onların mütənasibliyinə xələl gətirmir.

Əlikram Zəkiyev yeri gələndə isti və soyuq çalarlara da üz tutur. Bu, müəllifin keramika nümunələrinə xüsusi dekorativlik verir və şən əhval-ruhiyyə yaratmağa xidmət edir.

Təyinatından asılı olaraq, əşyalar şirli və ya şirsiz ola bilər. Lakin keramika ustasının yaradıcılığında məhz şirli əşyalar üstünlük təşkil edir. Şirli əşyaların bədii tərtibatını zənginləşdirmək məqsədilə sənətkar xüsusi gil məhluldan – anqobdan yararlanır. Bu məhlulun spesifik xüsusiyyəti ondadır ki, kürədə bişəndən sonra öz təbii rəngini itirmir. Əsasən ağ, qırmızı, çəhrayı və sarı rəngli anqoblara təsadüf olunur. Əlikram Zəkiyev tərəfindən yaradılmış əksər keramika nümunələrində hər üç rəngli anqoblardan geniş istifadə edilib.

Material, forma və bədii tərtibat zənginliyi ilə yanaşı, çeşid müxtəlifliyi də sənətkarın yaradıcılığı üçün xasdır. Belə ki, Əlikram Zəkiyev ərsəyə gətirdiyi işlər arasında saxsı, həm mayolika, həm də cini boşqab, nimçə, bulud, kasa, vaza, badə, piyalə, çıraq, şamdan, müxtəlif heyvan, quş və balıq formalı qablar və s. nümunələr müəllifin yaradıcı təxəyyülünün zənginliyindən xəbər verir.

Sənətkarın emalatxanasında, həmçinin bir çox şəxsi kolleksiyalarda saxlanılan keramika nümunələri arasında həm forma həlli, həm də bədii tərtibat baxımından bənzərlik tapmaq çox çətindir. Onların hər birində orijinal mövzu seçimi və həlli, sənətkarın böyük peşəkarlığı aydın nəzərə çarpır.

Bədii keramika sənəti ilə yanaşı, Əlikram Zəkiyevin yaradıcılığında bədii şüşə sənəti də mühüm yer tutur. Dekorativ-tətbiqi sənətin bu sahəsinin də sirlərinə yaxşı bələd olan sənətkar həm də bədii şüşədən müxtəlif əl işləri hazırlayıb. Üfürmə, qəlibə tökmə və s. texnologiyalarla hazırlanmış və dekorasiya olunmuş, yüksək peşəkar səviyyədə yerinə yetirilmiş bədii şüşə nümunələrinin hər birinə orijinallıq, zəriflik və incəlik səciyyəvidir. Müəllifin hazırladığı şüşə qablar, nimçələr, vazalar, dekorativ mahiyyət daşıyan bəzək əşyaları müasir Azərbaycan bədii şüşə sənətinin orijinal və diqqətçəkən nümunələrindəndir.

Əlikram Zəkiyevin keramikadan hazırladığı metronun “28 May” stansiyasında dekorativ kompozisiyalar (1990), Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki relyef və heykəl (1992), Bakıdakı Katolik kilsəsində (2005), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin binasında keramik relyeflər və bədii şüşədən tərtibat işləri (2009) müəllifin peşəkarlığını və bu sənətə olan sevgisini göstərən nümunələrdəndir.

Əlikram Zəkiyev eyni zamanda sevdiyi, uğur qazandığı sənətini gənc nəsillərə ötürür. O, 2002-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasında pedaqoji fəaliyyət göstərir. Hazırda həmin kafedranın baş müəllimidir. Sənətkar bu sahənin tədrisinə dair bir neçə fənn proqramının da müəllifidir.

Sənətkar 2005-ci ildə Bakıdakı Katolik kilsəsində keramika və şüşədən hazırladığı relyeflərə görə Roma Papası tərəfindən medalla təltif olunub, 2011-ci ildə isə “Bayraq” və “Qızıl əllər” mükafatlarına layiq görülüb.

Bu gün də məhsuldar yaradıcılıq fəaliyyətini davam etdirən, bənzərsiz əl işləri ərsəyə gətirən sənətkara uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Həşim Paşayev
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent