AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 26-27 oktyabrda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələri kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans təşkil edəcək.

İnstitutdan bildirilib ki, konfransda iştirak üçün məruzələrin xülasəsi Azərbaycan və ya Türkiyə türkcəsində açar sözlərlə birgə sentyabrın 6-dək cumhuriyetkonfrans@gmail.com  ünvanına göndərilməlidir. Azərbaycan dilində təqdim olunan məruzə mətnlərinə ingilis, digər dillərdə tərtib edilən mətnlərə isə Azərbaycan dilində xülasə əlavə olunmalıdır. Xülasəsi müsbət rəy alan şəxslər sentyabrın 20-dən 30-dək məruzələrinin tam mətnini cumhuriyetkonfrans@gmail.com ünvanına göndərə bilərlər.

Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, mədəniyyətşünaslıq, fəlsəfə və teologiya bölmələri üzrə məruzələr dinləniləcək.

Konfrans “Yazılı materiallarda Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələri”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində”, “Türk xalqlarının yazılı folklor abidələri”, “Türkologiyanın aktual problemləri və ədəbi dil məsələləri”, “Türk xalqları tarixi əlyazma kontekstində”, “Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri” mövzularını əhatə edir.