Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi şurasının 2022/2023-cü tədris ili üzrə son iclası keçirilib.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Tədris işləri üzrə prorektor professor Akif Qasımov 2022-2023-cü tədris ilinin yekunları barədə geniş hesabatla çıxış edib. O, tədris prosesi, payız və yaz semestri imtahanlarının təşkili, fakültə və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəriciləri barədə məlumat verib. Qeyd edib ki, imtahan sessiyasının obyektiv keçirilməsi və tələbələrin biliklərinin hərtərəfli yoxlanılması üçün bütün şərait yaradılıb. Tələbə valideynlərinin, KİV nümayəndələrinin iştirakı ilə imtahanlara ictimai baxış keçirilib.

Elmi şura üzvlərinin, müvafiq struktur rəhbərlərin məruzə ilə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Sonra Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, Elmi şuranın qərarlarının yoxlanılması komissiyasının sədri professor Nurməmməd Məmmədovun hesabatı dinlənilib.

İclasda həmçinin Layihələrin idarə edilməsi kafedrasının yaradılması qərara alınıb, yeni yaradılmış Maliyyə, Əqli mülkiyyətin idarə edilməsi və Layihələrin idarə edilməsi MBA proqramlarının tədris planları, Kompozisiya materialları, məmulatları və konstruksiya materialları magistr proqramı, eləcə də bir sıra magistr proqramlarında edilmiş dəyişikliklərlə bağlı müzakirə aparılıb.

İclasın sonunda rektor professor Gülçöhrə Məmmədova Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı ilə Danimarkanın Kopenhagen şəhərində keçirilən Dünya Memarlar Konqresində AzMİU müəllim və tələbələrinin iştirakından danışıb. Rektor fakültə və kafedraları fəaliyyət istiqamətlərinə uyğun nüfuzlu konqreslərdə iştirak etməyə çağırıb.