Ensiklopediyanın sözlüyü sentyabrın 20-dək təqdim edilməlidir...

 

İyulun 17-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı işçi qrupun ilk iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclasda elmi-təşkilati məsələlər müzakirə olunub. Həmçinin AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, ensiklopediyanın sözlüyünün sentyabrın 20-dək hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyənləşdirilib. Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə işçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Onun görüşdə söylədiyi fikirlər əsasında AMEA Rəyasət Heyətinin 2023-cü il 16 yanvar tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. 2023-cü il 23 fevral tarixində “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı” təsdiq edilib. Planda “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması da əksini tapıb. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə ensiklopediyanın hazırlanmasına dair AMEA-nın Tarix, Folklor, Memarlıq və İncəsənət, Dilçilik institutlarının, eləcə də Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanmasına elmi-metodiki dəstək verilməsi həvalə edilib.