“Sarı Aşığın dastanı” fərqli təqdimatda...

 

“Səhnə” teatrı Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerasını təqdim edib.

Tamaşanın prodüseri Elçin Hacı bildirib ki, tamaşa “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə edilməklə Xaqani Əliyevin qələmə aldığı pyes əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir.

Tamaşa XVII əsrdə Laçının Güləbird kəndində yaşamış Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.

Buludların arasından yerə enən Mələyin verdiyi sevgi badəsini içən gənc Abdullanın qəlbində eşq yuva salır, onu “Haqq aşiqi”nə çevirir. Aqillər deyiblər ki, eşq hər qəlbdə qərar tutub qalmır. Bəs qalsa nə olar? Onu ordan çıxarmaq olarmı? Məcbur etsələr də, aşiq qəlbindəki eşq alovunu söndürə bilmir. O, Yaxşısına qovuşmaq ümidi ilə zülmətin içindən sonunda işıq gördüyü yola çıxır. İnsanlar onu anlamaq istəmir, qarşısını kəsir, mənən əzir, döyürlər. Aşiq ölümlə üzləşir, lakin yolundan dönmür.

Tamaşadakı obrazları Vaqif Kərimov (Əməkdar artist), Ramil Məmmədov, Əhliman Ərşadlı, Mirzə Səfərov, Elçin Əmirov, Nazlı Quliyeva, Rəvan Hüseynzadə, Kənan Balakişiyev, Məleykə Cəfərova, Elvin Abbasov və Rəhimə Abdinova oynayıblar.

Xatırladaq ki, iyulun 11-də Şuşa Dövlət Musiqili Dram Teatrı Laçın şəhərində sakinlərin qonağı olub və “Lənkəran xanının vəziri” komediyasını nümayiş etdirib.