3 nəfər seçilib, boş qalan 6 yer üçün təkrar seçki olacaq

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa (2013-cü il 22 noyabr) və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, iyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən seçkilərə 26 namizəd qatılıb.

Seçkinin nəticəsində tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilib: Yolçuyev Əkbər Mehdi oğlu; Mustafayeva Samirə Vəli qızı; Qədirov Vuqar Kərim oğlu.

İctimai Şura 9 nəfərdən ibarət olmalıdır. Boş qalan 6 yer üçün 20 iyul tarixində (saat 11:00-dan 14:00-dək) Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçki keçiriləcək. Təkrar seçkidə daha öncə qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutları təmsilçilərinin seçici qismində iştirakı nəzərdə tutulub.

Səsverməyə gələn zaman şəxsiyyət vəsiqəsini (yaxud şəxsiyyəti təsdiq edən digər sənəd) götürmək xahiş olunur.