Xəbər verdiyimiz kimi, 16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

İyulun 18-də DİM imtahan nəticələrini elan edib. İştirakçılar imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1134 nəfərdən 25 nəfər imtahana gəlməyib.

Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymәtlәndirilir.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 20 iyul 2023-cü il tarixindən etibarən (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 19 iyul saat 10:00-dan 21 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.