İyulun 18-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı keçirilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, dövlət başçısının 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Strategiyada müəyyən edilmiş beş prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Strategiyanın həyata keçirilməsinə dair institusional monitorinq, qiymətləndirmə və digər məsələlər tənzimlənir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı azerbaijan2030.gov.az portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə çatmaq məqsədilə Strategiyada 2022-2026-cı illər üçün 10 Məqsəd müəyyənləşdirilib. Bu məqsədlərə çatmaq üçün 20 əsas hədəf indikatoru təyin edilib. Strategiyanın “Tədbirlər Planı” bölməsində 65 fəaliyyət istiqamətinin 269 tədbiri üzrə 261 ilkin nəticə, 328 aralıq nəticə və 162 yekun nəticə indikatorları olmaqla toplam 751 indikator qeyd edilib. Əsas hədəf indikatorları üzrə monitorinq Strategiyanın icrasına başlanıldığı müddətdən davamlı olaraq həyata keçiriləcək.