Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi 13-17 iyul tarixlərində Türkiyənin İzmir bölgəsində qastrol səfərində olub.

Naxçıvan teatrının yaradılmasının 140 və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə reallaşan səfər zamanı kollektiv türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” əsəri əsasında hazırlanan psixoloji komediyanı İzmirin Foça rayonunda və Sardis antik şəhər yerində nümayiş etdirib.

Tamaşa seyrçilər tərəfindən böyük maraqla qarşılanıb. Əslən İzmirin Foça rayonundan olan müəllif M.Ü.Görgülü nümayişdən sonra çıxış edərək əsərini yüksək səviyyədə təqdim etdiyinə görə Naxçıvan teatrının kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Cibimizdəki dəlilik” tamaşasının rejissoru, musiqi tərtibatçısı və baş rolunun ifaçısı muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyev, səhnə tərtibatçısı NMR-in Əməkdar rəssamı Səyyad Bayramovdur. Rolları teatrın gənc aktyorları Məmməd Mehdiyev, Ələsgər Quliyev, Uğur Nəsirli, Mehri Nəbiyeva, Ləman Vəliyeva, Vəfa Qurbanova, Mirqabil Əkbərov, Amil Yusifov və Azərbaycanın Əməkdar artisti Əbülfəz İmanov ifa edirlər.

Kollektiv Sardisdə təşkil olunan VIII Beynəlxalq Dionis teatr və təlim düşərgəsinə də qatılıb. Teatrın direktor müavini Səməd Canbaxşiyev Naxçıvan Dövlət Milli Dram Teatrının yaranma tarixi, yaradıcılıq ənənələri və bugünkü fəaliyyəti barədə məlumat verib.

Yaradıcı heyət Sardisdə açıq hava altındakı “Kosa-kosa” oyunu, “Xınayaxdı” mərasimi və “Tənzərə” yallısı ilə tamaşaçılar qarşısında çıxış edib.