İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Xalqın hikməti, elin sənəti” adlı sərgi açılacaq.

Sərgidə Sərdarlılar ailəsinin – Lalə Sərdarlı, Toğrul Sərdarlı, İsgəndər Sərdarlının ərsəyə gətirdiyi bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçaları, mücrüləri, eləcə də müxtəlif zərgərlik inciləri nümayiş olunacaq. Həmçinin ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr təqdim olunacaq.

Zərgərliklə tətbiqi sənəti sintez edən ailənin əl işləri milli koloriti və orijinallığı ilə göz oxşayır. Bu ailə unudulmuş tətbiqi sənət nümunələrinin yeni məzmun və formada müasir dövrümüzə qayıdışına töhfə verir. Onlar hazırda ata-baba yurdumuz Qərbi Azərbaycan ərazilərində formalaşmış mədəni irsimizin öyrənilməsi təbliğinə töhfə verən əsərlər yaradırlar.

Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.