Xəbər verildiyi kimi, iyulun 18-də Şuşada Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib. Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan tərəfdən investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun həmsədrliyi ilə keçən iclasa hər iki ölkənin aidiyyəti qurumlarının məsul şəxsləri qatılıblar. İclasda Azərbaycan  mədəniyyət nazirinin müavini Murad Hüseynov da iştirak edib.

İclasda dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb.

Hökumətlərarası komissiyanın iclasının ilk dəfə Şuşada keçirilməsini əlamətdar hal kimi vurğulayan Mikayıl Cabbarov xalqlarımızı və ölkələrimizi dostluq münasibətləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin birləşdirdiyini qeyd edib. Bildirilib ki, Özbəkistanla qarşılıqlı faydalı əlaqələr yüksələn xətlə inkişaf edir, o cümlədən iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.

İclasda Azərbaycanda əlverişli biznes mühiti, iqtisadi fəallığın artırılması yönündə tətbiq edilən mexanizmlər, azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya tədbirləri barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, Qarabağın bərpasında iştirak etdiyinə görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov hökumətlərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. Ləziz Kudratov ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən 12-ci iclasın yekunlarına dair protokol imzalanıb. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

Şuşada səfərdə olan Özbəkistan nümayəndə heyəti şəhərdə həyata keçirilən yenidənqurma işləri, o cümlədən tarixi abidələrin bərpası istiqamətində görülən işlərlə də tanış olub.