Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniya Parlamentinin üzvü, tatar icmasının nümayəndəsi Amet Varol və Rumıniyanın Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin vitse-prezidenti Arslan Özgün ilə görüşüb. Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare də iştirak edib.

Fondun fəaliyyəti barədə danışan Günay Əfəndiyeva müxtəlif ölkələrdə yaşayan türk kökənli xalqların mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələrdən də bəhs edib. Bu xüsusda tatar icmasının yaşadığı Litva və Polşa ilə əməkdaşlıq barədə söz açılıb. Günay Əfəndiyeva Rumıniyada yaşayan tatarların da mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasının vacibliyinə toxunub .

Rumıniya nümayəndə heyətinin üzvləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək, ölkədə yaşayan tatarlar da daxil olmaqla, bütün milli azlıqların hüquqlarının və mənəvi dəyərlərinin qorunmasına yönəlmiş dövlət sistemi barədə məlumat veriblər. Fondla bu sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün memorandumun imzalanması imkanlarından bəhs edilib.