Mərhum kitabxanaşünas alim, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun şəxsi arxivi ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasına təqdim olunub. İyulun 19-da kitabxanada bununla bağlı mərasim keçirilib.

Kitabxananın direktoru professor Kərim Tahirov ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan görkəmli alim Abuzər Xələfovun şəxsi arxivinin bu il 100 illik yubileyini qeyd edən Milli Kitabxanaya təqdim olunmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

“Abuzər müəllimin yazdığı əsərlərdən, kitablardan bəhrələnmişik, hamımız Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik. İnanıram ki, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq, onun Milli Kitabxananın fondunda qorunub saxlanılan arxivi bütün kitabxanaçılar üçün tədqiqat obyekti olacaq, onların stolüstü kitablarına çevriləcək”, – deyə o bildirib.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı bildirib ki, dövlət başçısının Azərbaycan Milli Kitabxanasının 100 illiyi haqqında sərəncamı bütövlükdə kitabxana işinə olan diqqətin nümunəsidir. Abuzər Xələfovun ölkəmizdə kitabxanaşünaslıq elminin təşəkkülündə müstəsna xidmətləri olduğunu vurğulayan Ə.Cabbarlı qeyd edib ki, onun xatirəsi hər birimiz üçün əzizdir. A.Xələfovun irsi araşdırılır və bundan sonra da tədqiq olunacaq.

BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov da alimin elmi, pedaqoji fəaliyyətindən bəhs edib. Bildirib ki,  A.Xələfov çox böyük elmi məktəbin yaradıcısıdır və onun arxivinin Milli Kitabxanaya təqdim edilməsi kitabxananın yubileyinə də bir hədiyyədir.

Alimin oğlu, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını ifadə edib. Ümidvar olduğunu bildirib ki, alimin şəxsi arxivi Milli Kitabxananın fondunun zənginləşməsinə töhfə olacaq. O, atasının 1962-ci ildə Azərbaycan kitabxanaçılarının birinci qurultayına olan dəvətnaməsini də Milli Kitabxananın direktoruna təqdim edib.

Sonda tədbir iştirakçıları professor Abuzər Xələfovun şəxsi arxivi ilə tanış olublar.