Teatr adamları arasında belə bir təyin var: tamaşaçı afişadakı əsərdən əvvəl aktyorun adını axtarıb, ona gəlirsə, məhz o aktyor teatrın sütunudur. Teatr mənəvi məhsul tədarük edən bir müəssisədir. İstehsalı tamaşadırsa, alıcısı da tamaşaçıdır. Bu mənada zövqlü, tələbkar tamaşaçını heç cür aldatmaq mümkün deyil. Tamaşaçı sevgisinin ünvanını da yaxşı bilir...
İyulun 19-da tamaşaçılar xeyli müddətdir səhnədə olmayan sevimli sənətkarla yenidən görüşdü. Xalq artisti, klassik teatr ənənələrində saf gülüşə heç vaxt xəyanət etməyən Afaq Bəşirqızı yenidən səhnədə idi. Özü də bütün fiziki və mənəvi ağrılarını səhnə arxasında qoyaraq, əsl cəngavər cəsarəti ilə. Həmişəki enerjisində onu səbirsizliklə gözləyən, əsas etibarilə, orta nəsildən olan tamaşaçıları önünə çıxdı. Neçə vaxt idi Akademik Musiqili Teatrda belə qələbəlik görmürdük. Parter, loja, bütün zal dolu idi. Onu seyrə gələn pərəstişkarları arasında tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyinin nümayəndələri də vardı.
Uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan “Toya bir gün qalmış” komediyası nümayiş olundu. Yaradıcı heyət 2015-ci ildə teatrın repertuarına daxil edilən səhnə işinin sayca 42-ci nümayişinin sevincini yaşadı.
İkihissəli komediyada cərəyan edən hadisələri günümüzün sosial-populyar komik zarafatları ilə ustalıqla sintez edən Afaq xanım yaxşı tanıdığı tamaşaçısına əsl istədiyini – qəhqəhəli gülüşü bəxş etdi.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir. Səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edirlər.
Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Bu minvalla övladlarının “Toyu təxirə salıb, atamızı basdıraq” təkliflərini rədd edən xudpəsənd qadın əsas məqsədinə çatmağa çalışır. Yüzlərlə dəvətnamə, sözsüz ki, dəvətlilərin toya salacağı pulu, xüsusən diriykən mövqe sahibi ərin öldükdən sonra nüfuzunu itirəcəyini övladlarına xatırladaraq onları da yola gətirir. Əslində, atanı saymayan, onun pul və vəzifəsinə görə “adam” olan uşaqların da öz maraqları var. Beləcə, bədbəxt kişinin 4 uşağı və arvadı birləşərək gizlicə “ölü basdırma əməliyyatı”na qol qoyurlar. Bütün tragikomik hadisələr də bundan sonra baş verir.
Bu arada isə ölməyən, sadəcə, klinik ölüm keçirən kişi ailəsinin iyrənc əməllərini görərək son sözlərini bir məktuba yazıb evdən qaçır.
Tamaşada maraqlı və gözlənilməz situasiyalar bir-birini sürətlə əvəz edir. Beləcə, biz maddiyyatın mənəvi dəyərləri üstələməsinin, övladların ölmüş atanın cibindən, ananın sandıqçasından, hətta bir-birindən pul çırpışdırmasının, meyit üzərində min cür hoqqabazlıqlar etməsinin, atalarının ölüsündən belə maraq güdməsinin şahidi oluruq.
Yaradıcı heyət satira, qara gülüş və hətta bəzən ifrat jarqonlu ifadə və hərəkətlər fonunda bizi tragikomik hadisə, o hadisənin qəhrəmanı olan rəzil ailə ilə yaxından tanış etməyə çalışır.
Bununla belə, tamaşanın dramaturji strukturunda, ümumi tempində olan axsamalar quruluş müəllifinin əsərin mahiyyətindəki əsas ideyanı “Onsuz da Afaq Bəşirqızını görən tamaşaçı güləcək” arxayınlığına “bükməsi” tamaşanı kollektiv işdən çox fərdi oyuna çəkirdi. Belə olduqda isə baş rol ifaçısı izafi enerji sərf edir və cavab olaraq digər rolların ifaçıları arxa planda qalırdı.
Lakin bütün bunlara baxmayaraq, Ələkbər Əliyev, Əzizağa Əzizov, Möylə Mirzəliyev və Elxan İsmayılovun oyunundakı peşəkarlıq və obrazlarının mahiyyətindəki ifa ustalıqları da diqqətdən yayınmadı.
Tamaşa boyu özünün də sevinc, həyəcan və kövrəkliyi üz-gözünə hopan Afaq xanım illər sonra səhnədə olmağın səadətində tamaşaçılarına sevgi və ehtiramını yenə də özünəməxsus ifadə etdi.
Həmidə