Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.

Dövlət başçısı bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbəsi münasibətilə telefonla təbrik etdiyini və onunla telefon söhbəti zamanı əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasından məmnunluq ifadə edildiyini bildirib. Dövlətimizin başçısı əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistan Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.

İkitərəfli münasibətlərin ildən-ilə inkişaf etdiyini vurğulayan İlham Əliyev gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdıran Abdulla Aripov vurğulayıb ki, Özbəkistan rəhbəri dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan həmişə böyük məmnunluq duyduğunu bildirir.

Dövlət başçısı onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək bildirib ki, bu da ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.

Görüşdə Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edilib, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ölkələrimizin iştirakçısı olduğu Şərq-Qərb nəqliyyat əlaqələrində Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının önəmi qeyd edilib.