Mərhum jurnalist Şakir Yaqubovun kitabının təqdimatı olub

 

Onu tələbkarlıq və təmənnasızlıq etalonu kimi tanıyanlar da var, prinsipial qəzetçi, hər sözün, hər sətrin, cümlənin üstündə əsən redaktor kimi də. Lakin kimin onu necə tanımaq və dəyərləndirməyindən asılı olmayaraq, Şakir Yaqubov ustad jurnalist idi. Həmişə də ən yüksək istedad və peşəkarlıq keyfiyyətləri ilə yaddaşlarda yaşayacaq…

İyulun 20-də Mətbuat Şurasında mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimində də bu barədə danışılıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistikasında özünəməxsus izi olan Şakir Yaqubov haqqında danışaraq deyib: “O, təpədən dırnağa, qanına-iliyinə qədər jurnalist, mətbu sözün böyük cəfakeşi idi. Şakir Yaqubov istedadlı qələm sahibi, müxtəlif janrlarda yazılmış bir neçə kitabın, saysız-hesabsız qəzet məqaləsinin müəllifi olmaqla yanaşı, həm də mahir redaktor idi. Onun ustad redaktor qələmi ilə ən zəif, cılız yazılar da ətə-qana doldurularaq qəzet səhifələrinə çıxmaq hüququ qazanırdı. Ustad jurnalistin sağlığında çapdan çıxan kitabları, eləcə də onun həmkar və dostlarının təşəbbüsü ilə ərsəyə gələn,  2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabı bu sənəti özünə həyat yolu seçənlər, xüsusilə gənc jurnalistlər üçün dəyərli mənbədir...”.

Klassik jurnalistikanın ən gözəl ənənələrinin daşıyıcısı olmuş qələm sahibi haqqında danışan Əməkdar jurnalistlər Elşən Əliyev, Tahir Aydınoğlu, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov və başqaları onun kitablarından, peşəkarlıq keyfiyyətlərindən bəhs ediblər. Vaxtilə Şakir Yaqubovla bir yerdə işləmiş Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, İmran Bədirxanlı, Süleyman Qaradağlı və başqaları xatirələrini söyləyiblər.

Qeyd edilib ki, mətbuat sahəsində bir çox mükafatlara layiq görülən Şakir Yaqubov iki dəfə “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan yeganə jurnalistdir.

Mərhum jurnalistin qızları Aynur və Aysel Yaqubovalar atalarının xatirəsinə göstərdikləri ehtirama görə tədbirin təşkilatçılarına, kitabı hazırlayanlara təşəkkür ediblər.