İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Bildirib ki, müstəqillik dövründə Ümummilli liderin mətbuata verdiyi böyük önəmin şahidi olduq. Senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu öndər həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.

Rəşad Məcid qeyd edib ki, Ümummilli liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” yeni qanunun qəbulu bunun təzahürüdür.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisidir. “Media haqqında” qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi güzəştləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.

Audiovizual Şuranın sədri İsmət Səttarov dövlətimizin başçısının mediaya diqqətindən bəhs edərək bildirib ki, media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaqdır. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür – qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək: “Düşünürəm ki, jurnalistlərimiz, media nümayəndələrimiz bu missiyanın öhdəsindən fəxrlə və böyük məsuliyyətlə gələcəklər”.

Sonra Mətbuat Şurası İdarə Heyətinin üzvü Səadət Məmmədovanın moderatorluğu ilə “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclas keçirilib.

İclasda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu”, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Ulu öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm”, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova “Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi”, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli “Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi” mövzularında çıxışlar ediblər.

“Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar” mövzusunda ikinci panel “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının moteratorluğu ilə keçib.

Paneldə Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun “Müasir Audiovizual kontent: ənənəvilik və müasirlik”, Naxçıvan Muxtar Respublikası “Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirlinin “Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar”, “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasın “Süni intellekt jurnalistikanı necə dəyişir?” və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musanın “Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər” mövzularında məruzələri dinlənilib.