İyulun 20-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.

“İctimai iştirakçılıq haqqında” qanun (2013-cü il 22 noyabr) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (2014-cü il 30 may) ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə müvafiq olaraq keçirilən seçki zamanı daha çox səs toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib.

Milli Məclisin deputatı akademik, Əməkdar elm xadimi Cəfərov Nizami Qulu oğlu, Allahyarlı Nihad Vüqar oğlu (“DAVAM” Gənclər Hərəkatı İctimai Birliyi), Bəbirova Ülviyyə Firudin qızı (“Mədəniyyət Könüllüləri” İctimai Birliyi), Nəzərova Adilə Həsən qızı (“Kitab evi” İctimai Birliyi), Əməkdar incəsənət xadimi Salayev Ayaz Ramiz oğlu, Verdiyeva Bəyimxanım İsfəndiyar qızı (“Xan Şuşinski” Fondu) Mədəniyyət Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, iyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib və qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi), Qədirov Vüqar Kərim oğlu (“Aydınlar Ocağı” Humanitar İctimai Birliyi) şuraya üzv seçiliblər.

Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 9 nəfərdən ibarət heyəti formalaşıb.