Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Dövlət Xidməti bir daha qeyd edir ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər müvafiq olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.