Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Vətən müharibəsinin əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə, hər birimizə və bütün dünyaya”.

Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. “Böyük Qayıdış” proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təxminən 7 milyard ABŞ dollarına bərabər olacaq. Bu, ancaq başlanğıcdır.

“Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıb”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, 21-23 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşada Qlobal Media Forumu keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən foruma 49 ölkədən 150 xarici qonaq qatılıb. O cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu tədbirdə təmsil olunur. Forumda yerli media qurumlarının rəhbər və nümayəndələri də iştirak edirlər.

Forumun ilk günü Prezident İlham Əliyev iştirakçılarla görüşüb, müxtəlif ölkələrdən media nümayəndələrinin suallarını cavablandırıb.