Forum iyulun 23-də başa çatır...

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü münasibətilə 21-23 iyul tarixlərində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumda panel sessiyaları təşkil edilib.

Forumun ikinci günü – iyulun 22-də panel sessiyalardan biri “Mediada investisiya və istehlak tendensiyaları” mövzusuna həsr olunub.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçən sessiyada yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunub.

Forumun sonuncu günü – iyulun 23-də “Təhlükəsizlik məsələləri” adlı sessiya keçirilib. “TRT World”un aparıcısı Reagen Des Vignesin moderatorluğu ilə keçən paneldə böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar “münaqişə jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında ekspertlərin çıxışları olub, müzakirələr aparılıb.

Qeyd edək ki, 49 ölkədən 150 xarici qonaq, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatıldığı Şuşa Qlobal Media Forumu iyulun 23-də işini başa vurur.