Yolunu-yolağasını öyrənməkdə fayda var
Azərbaycan Milli Elmlər Akademiyası bu ilin oktyabr ayında “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirməyi planlaşdırır. Bununla bağlı təşkilat komitəsinin iclası olub.
İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış alimlərin tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, həmçinin mövcud miflərin və süni baryerlərin sındırılmasına kömək etməkdir.
Nobel mükafatının 122 illik (1901-ci ildən təqdim edilir) tarixinə nəzər salan akademik laureatlar arasında Bakıda doğulmuş yəhudi əsilli alim Lev Landaunun (fizika üzrə Nobel mükafatçısı), eləcə də Cənubi Azərbaycandan insan haqları müdafiəçisi Şirin Ebadinin (Nobel sülh mükafatçısı) olmasını diqqətə çatdırıb. Bildirib ki, məşhur kimyaçı alim Yusuf Məmmədəliyevin və cərrah Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair qeyri-rəsmi məlumatlar var.
İsa Həbibbəyli qeyd edib ki, nəzərdə tutulan beynəlxalq konfransda kimya üzrə Nobel mükafatı laureatı, türkiyəli alim Əziz Sancar və banqladeşli Nobel sülh mükafatçısı Məhəmməd Yunusun şəxsən və ya onlayn formatda iştirak etmələri üçün iş aparılır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev AMEA-nın təşkilatçılığı ilə keçiriləcək konfransa dəstək verəcəklərini bildirib. Təşkilat komitəsinin üzvlərindən akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları fikir və təkliflərini səsləndiriblər.