Prezident İlham Əliyev Yunanıstanın tanınmış ictimai xadimi, Azərbaycanın yaxın dostu Marianna Vardinoyannisin vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Marianna Vardinoyannisin insanlıq naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar və xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz və ehtiram qazandığını vurğulayıb.

Məktubda deyilir: “Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunmuşdur”.

Azərbaycan Prezidenti bildirib ki, bütün həyat və fəaliyyətini uca amallara həsr etmiş səmimi və xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

***

Birinci vitse-prezident Mehriban Əliyeva da Marianna Vardinoyannisin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

“Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz. Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.

Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi. O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır”, – deyə məktubda qeyd olunur.

Məktubda Marianna Vardinoyannisin Azərbaycanın səmimi dostu olduğu vurğulanır. “Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır”, – deyə Mehriban Əliyeva başsağlığı məktubunda bildirib.

Qeyd edək ki, UNESCO-nun xoşməramlı səfiri, geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınan Marianna Vardinoyannis iyulun 24-də 86 yaşında vəfat edib. Gəmiçilik sahəsi üzrə maqnat, milyarder Vardis Vardinoyannisin həyat yoldaşı olan Marianna Vardinoyannis xərçəng xəstəsi uşaqlara yardım üçün qurduğu Elpida Assosiasiyasının və özünün adını daşıyan xeyriyyə fondunun prezidenti idi.