AMEA Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası tərəfindən Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid “Çağrıtəpə” abidəsində artıq 4-cü tədqiqat işləri davam etdirilir. Hazırkı mərhələdə işlərin aparıldığı üst qat götürüləcək və alt qatlarda tədqiqat həyata keçiriləcək. Burada təxminən 8 min il əvvələ aid dövrün izlərinə rast gəlinib.
Abidə Neolit dövrünə aid Şomutəpə mədəniyyətinə təsadüf edən yaşayış yeridir. Bu mədəniyyətin abidələri həm şərqi Gürcüstan, həm də qərbi Azərbaycan ərazilərini əhatə edir. Araşdırmalar zamanı məlum olub ki, bu ərazidə insanlar eramızdan əvvəl 6-cı minilliyin başlanğıcında yaşayıblar.
Ekspedisiyanın rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Nəcəf Museyibli bildirib ki, ötən müddətdə qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edilib. “Bu ərazilərdə Neolit dövründə yaşamış insanlar əkinçilik və maldarlıqla məşğul olublar. Əsas maraqlı məqam ondan ibarətdir ki, bu tip abidələr o cümlədən də “Çağrıtəpə” yaşayış yeri Azərbaycan ərazisində protosivilizasiyaların başlanğıc dövrüdür. Yəni ilk dəfə olaraq bu ərazidə əkinçilik mədəniyyətinin meydana çıxması tarixini izləmək mümkün olur. Arxeoloji qazıntılar nəticəsində əkinçilik təsərrüfatına aid maddi mədəniyyət nümunələri aşkara çıxarılıb”, - deyə o bildirib.
Hazırda 240 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Qazıntılar nəticəsində çiy kərpicdən ibarət tikili qalıqları aşkar edilib. Eyni zamanda qalıqların içərisindən çoxlu sayda maddi mədəniyyət nümunələri, əmək alətləri, çaxmaq daşı, kəsici alətlər və təsərrüfat quyularından heyvan sümükləri tapılıb.
Alim qeyd edib ki, arxeoloji qazıntılar başa çatdıqdan sonra bu maddi mədəniyyət nümunələri üzərində laborator analizlər aparılacaq və bu, abidənin daha dəqiq dövrünü müəyyənləşdirməyə imkan verəcək.
“Çağrıtəpə”də arxeoloji qazıntılar göstərir ki, bu yerlərdə istehsal mədəniyyəti, erkən əkinçilik mədəniyyəti yerli zəmində meydana çıxıb. Həmçinin qazıntı zamanı məlum olub ki, “Çağrıtəpə”də yaşayış bir neçə mərhələdən ibarət olub və mərhələlər arasında fasilə yoxdur, ardıcıllıqla bir-birini əvəz edir.