Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) arasında Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dəstək göstərilməsi məqsədilə tərəfdaşlığın təşkilinə dair niyyət sazişi imzalanıb.
Bununla bağlı iyulun 26-da Dövlət Komitəsinin sədri Rövşən Rzayev AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyevlə görüşüb.
Dövlət Komitəsindən bildirilib ki, görüşdə qonaqlara Böyük Qayıdışa dair Dövlət Proqramının icrası üzrə komitənin gördüyü işlər, məcburi köçkünlərin geri dönüşünün təşkili, bu istiqamətdə aparılan təbliğat-izahat və təşviqat işlərinin gedişi, köçürülmənin ilkin nəticələri barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərin doğma yurdda təhlükəsizliyinin təmin edilməsi və rahat yaşayışı üçün zəruri şərait yaradılır. Böyük Qayıdış çərçivəsində yeni salınan və bərpa edilən yaşayış məntəqələrinə indiyədək 236 ailə, 1023 nəfər köçürülüb.
Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların, o cümlədən IFRC-nin ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı humanitar problemlərin həllinə dəstəyini yüksək dəyərləndirib, Böyük Qayıdış prosesində də bu dəstəyin davam etdirilməsi niyyətinin dərin razılıq hissi doğurduğunu, həmçinin AzQAC-la uzunmüddətli əməkdaşlığın əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AzQAC-nin prezidenti Novruz Aslanov rəhbərlik etdiyi qurumun Böyük Qayıdışın başlandığı vaxtda da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb.
IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev ölkəmizdə öz mandatlarına uyğun olaraq həyata keçirdikləri fəaliyyət, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni situasiyada Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə fikirlərini çatdırıb.