Azərbaycan Respublikası Audiovizual Şuranın monitorinq qrupunun televiziyaların efirində qeydə aldığı qanun pozuntuları qurumun iyulun 27-də onlayn formatda keçirilən iclasında müzakirə olunub.
Şuradan verilən xəbərə görə, son günlərdə “ARB”, “ATV”, “Space TV”, “Xəzər TV” redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi monitorinq edilib. Həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, “Media haqqında” qanunun 14.2-ci maddəsinin, habelə “Reklam haqqında” qanunun 4.7-ci maddəsinin tələblərinə əsasən “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir.
Qeyd olunanları nəzərə alaraq Audiovizual Şura bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə nümayiş olunmasını tələb edir.
Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiyalar tətbiq olunacaq.