Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikri iyulun 26-da Avropa İttifaqı ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrənin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra “Tvitter”də paylaşımında bildirib.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, sonuncu Brüssel görüşündə (15 iyul – red.) Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

***

Bu arada Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədi-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

Xankəndidən Gorus istiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.