Diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib

 

İyulun 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, brifinq zamanı iştirakçılar postmünaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb.

Nazir müavini 2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb.

İlk gündən bu mövqenin hər kəsə aydın olduğu və prosesin üç istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıqlar masasında olduğu bildirilib. Qeyd edilib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanları Azərbaycanın sülh niyyətinin ən aydın təzahürüdür. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribatlar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.

Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qəbuledilməz olduğu bildirilib. Baş nazir Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Ermənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə müşayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaşma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xidmət etdiyi bildirilib.

Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini, hər şeydən əvvəl, bu yolun da Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu nəzərə çatdırılıb. Bildirilib ki, Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradılıb, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək Ağdam-Xankəndi yolundan istifadə təklif olunub.

Bütün bunların müqabilində Ermənistan bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını alır, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə edir, yaradılan şoularla beynəlxalq ictimaiyyəti yanlış yönləndirir. Ermənistan tərəfi, həqiqətən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.

Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.

Brifinqdə sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib, diplomatik korpus təmsilçilərinin sualları cavablandırılıb.