“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə II Milli Qurama Festivalı başlayıb.

İyulun 27-də İçərişəhərdə festivalın açılış mərasimi keçirilib. Təcrübəli quramaçıların müşayiəti ilə paytaxt sakinləri, turistlər və qoruq idarəsinin əməkdaşları tərəfindən tikilən böyük ölçülü qurama nümunəsi İçərişəhərdə və Qala qoruğunun müxtəlif məkanlarında nümayiş etdirilib.

Açılış tədbirində bildirilib ki, unudulmaq təhlükəsini yaşayan quramanın təbliğinə xidmət edən festival paytaxtla yanaşı, bölgələri də əhatə edəcək.

İkinci festivalın da zəngin proqramı var. Festival çərçivəsində “Ənənəvi qurama” sərgisi, ustad dərsləri, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkaları, fond kolleksiyalarından ibarət quramaların nümayişi və s. tədbirlər nəzərdə tutulur.
Xatırladaq ki, ölkəmizdə ilk qurama festivalı 2022-ci ilin 7 iyul – 7 avqust tarixlərində gerçəkləşib.