Hazırkı şəraitdə dialoq və anlaşma, mədəni mübadilə üçün yeni üfüqlər açmaq, mərhəmət dəyərlərini təbliğ etmək, nifrət və təhriklərə qarşı çıxmaq müxtəlif dinlərə və sivilizasiyalara mənsub olan xalqların qarşısında duran əsas vəzifələrdir.
Bu fikir iyulun 27-də Mərakeşin Rabat şəhərində, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında sülh mədəniyyətinin dəstəklənməsinə, Qərb və İslam ölkələrinin münasibətlərinə həsr olunmuş beynəlxalq konfransda vurğulanıb.
Təşkilatdan verilən məlumatda bildirilir ki, yüksək səviyyəli rəsmilər və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbir Almaniyanın “Mouatana” Dialoq və Anlaşma İnstitutu ilə birgə keçirilib.
ICESCO-nun baş direktoru Salim əl-Malik ekspertləri Qərbin ən inkişaf etmiş dövlətlərindən biri olan Almaniya ilə İslam aləmi arasındakı unikal əlaqələrin üzərində düşünməyə, onu tədqiq etməyə və öyrənməyə dəvət edib. O vurğulayıb ki, bu münasibətlər tolerantlıq və dini-mədəni dəyərlərə qarşılıqlı hörmət baxımından təqdirəlayiqdir.
Baş direktor İslam mədəniyyətinin əsrlər boyu tədqiqatçılar üçün zəngin bir araşdırma sahəsi olduğunu diqqətə çatdıraraq, alman mütəfəkkirlərinin ərəb-İslam mədəniyyətinin xəzinələrinin dünyaya tanıdılmasında xüsusi rolunu qeyd edib. Bildirib ki, bu tədqiqat əsərləri İslam ölkələrinin universitetlərində də tədris olunur. Baş direktor vurğulayıb ki, hazırda dünyanın qarşılıqlı anlayışın möhkəmlənməsinə və müqəddəs rəmzlərə qarşı fanatizm və təcavüzün qarşısını almaq üçün mədəni fərqlərin ifadə edilməsində daha yaxşı yollar tapmağa ciddi ehtiyacı var.
Konfransda alman, ingilis alimləri, eləcə də İslam ölkələrindən alimlər çıxış ediblər. Çıxışlarda dünyanın bu təlatümlü dövründə bəşəriyyətin nifrət ritorikasına, dini və etnik zəmində zorakılığa qarşı birgə mübarizə aparmasının əhəmiyyətini qeyd edilib.