Azərbaycan Prezidenti İlham Əliyev məşhur amerikalı jurnalist, yazıçı və publisist Tomas Qoltzun vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığı məktubunda Tomas Qoltzun uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazandığını, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə verdiyini vurğulayıb.

Məktubda deyilir: “Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur”.

Tomas Qoltzla Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev arasında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutduğunu qeyd edən Prezident İlham Əliyev məşhur jurnalistlə görüşlərini və söhbətlərini, xüsusilə də bu ilin mayında Şuşadakı görüşü ( 3 may 2023-cü il, ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans zamanı – red.) xoş təəssüratla xatırladığını bildirib. Vurğulayıb ki, Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində yaşayacaq.

“Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə başsağlığı məktubunda bildirilir.

***

Qeyd edək ki, Tomas Qoltz (Thomas Goltz) 1954-cü il oktyabrın 11-də anadan olub. O, 90-cı illərin əvvəllərindən dəfələrlə Azərbaycana səfər edib, ölkəmizdə və regionda gedən prosesləri çalışdığı media qurumlarında obyektiv işıqlandırıb. “Washington Post”, “National Interest” və digər kütləvi informasiya vasitələrində dərc etdirdiyi məqalələr Azərbaycanın dünya ictimaiyyətinə tanıdılması, xüsusilə Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada yayılması işinə töhfə verib. Tomas Qoltz Azərbaycanın müstəqilliyin ilk dövrü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Azərbaycan gündəliyi” (1998) kitabının müəllifidir.

Rus, türk (həyat yoldaşı Hicran Qoltz türk əsillidir), ərəb, alman dillərində də sərbəst danışan Tomas Qoltz Qafqazdakı digər münaqişə bölgələrində də olub, “Gürcüstan gündəliyi” və “Çeçenistan gündəliyi” kitablarını yazıb.

2020-ci ilin fevralında Tomas Qoltz Azərbaycan və Xəzəryanı bölgə üzrə apardığı tədqiqatlarına, bu sahədəki diqqətəlayiq nəşrlərinə, Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi mühüm töhfələrinə görə ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.

2022-ci il fevralında Vaşinqtonun Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən “Həqiqət və ədalət” başlıqlı anım tədbirində Xocalı soyqırımı zamanı Azərbaycanda olmuş, faciənin nəticələrinə şahidlik etmiş Tomas Qoltzun videomüraciəti təqdim olunub. O, Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. T.Qoltz “Azərbaycan gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini demişdi.