Rusiyada yaşayan tanınmış azərbaycanlı aktyor və rejissor, bu ölkənin Əməkdar incəsənət xadimi Məmməd Haşım oğlu Məmmədov iyulun 24-də, 72 yaşında vəfat edib.
Məmməd Məmmədov Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Məmmədovanın qardaşıdır. O, ötən əsrin 80-ci illərində “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi filmlərlə geniş tamaşaçı auditoriyasına tanınıb. Rusiya teatrlarında isə aktyor, daha sonra rejissor kimi fəaliyyət göstərib.
Azərbaycan Mədəniyyət Nazirliyi Məmməd Məmmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb. Nekroloqda qeyd olunur ki, Məmməd Məmmədov “Anın quruluşu”, “Bağlı qapı”, “Üzeyir ömrü”, “Gümüşü furqon”, “Asif, Vasif, Ağasif”, “Burulğan”, “Təxribat” kimi filmlərdə əsas rolların ifaçısı olub.
Mədəniyyət Nazirliyi Xalq artisti Şəfiqə Məmmədova başda olmaqla mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin.
***
Qeyd edək ki, Məmməd Məmmədovun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi ilk ekran əsəri “Vulkana doğru” (1977, rejissor Tofiq İsmayılov) üçseriyalı bədii filmi olub. Onun kinoda yaratdığı yaddaqalan obrazlardan biri də “Üzeyir ömrü” filmində (1981, ssenari müəllifi və rejissor Anar) Müslüm Maqomayev obrazıdır.
Rusiya internet mənbələrində aktyor və rejissor Məmməd Məmmədov Mixail Məmmədov kimi qeyd edilib.
Məmməd Haşım oğlu Məmmədov 19 oktyabr 1951-ci ildə Dağıstanın Dərbənd şəhərində anadan olub. 1975-ci ildə Voronej Dövlət İncəsənət İnstitutunu, 1981-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunun Rejissorluq fakültəsini, 1985-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyi nəzdində Ali Rejissorluq Kurslarını bitirib.
Voronej Dram Teatrında (1975-1978), daha sonra Kuybışev (indiki Samara) və Minsk teatrlarında aktyor kimi fəaliyyət göstərib. Rejissor kimi Moskvadakı V.Mayakovski Teatrında (1986-1988), daha sonra Komediya Teatrında (“Ay Teatrı”) çalışıb. Həmçinin Dauqavpils (Latviya) teatrı ilə əməkdaşlıq edib, Rusiyanın bir sıra teatrlarında, eləcə də Belarusda, Bolqarıstanda, Türkiyədə, Macarıstanda tamaşalar qoyub. 90-cı illərdə “Rusiya Rejissorlar Cəmiyyəti” adlı yaradıcılıq birliyində sədr müavini olub. Televiziyalarda seriallar da çəkib. Rusiya tamaşaçıları onu daha çox “Sındırılmış fənərlər küçələri” serialının rejissorlarından biri (8-ci mövsüm) kimi tanıyıblar.
Rejissor yaradıcılığının son 20 ilini Tambov Dövlət Dram Teatrında keçirib, bu səhnədə onlarla tamaşaya quruluş verib.
Rusiya mediasının məlumatına görə, Məmməd Məmmədov iyulun 24-də Tambov şəhərində müayinə üçün gəldiyi poliklinikada ürəktutmadan vəfat edib.
“O təkcə gözəl tamaşalar yaratmırdı, həm də aktyorlara ilham verməyi, hər ifaçının istedadını üzə çıxarmağı bacarırdı. Biz bu qəribə ustadı hər zaman xatırlayacağıq”, – deyə Tambov teatrının yaydığı nekroloqda vurğulanır.
V.Kamal