Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Azərbaycan və özbək xalqlarını yaxın adət-ənənələr, dil və ümumtürk mədəniyyəti birləşdirir. Son illər qardaş, dost respublikaların dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri, imzalanan sənədlər iki ölkə arasında əlaqələri yüksək səviyyəyə qaldırıb, mədəniyyət sahəsində əməkdaşlığa da yeni məzmun qazandırıb.
1-4 avqust tarixlərində Bakıda keçiriləcək Özbəkistan mədəniyyəti günləri də qardaş xalqların dostluğunun, doğmalığının təntənəsinə çevriləcək.
Mədəniyyət günləri tədbirlərində iştirak etmək üçün Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun rəhbərliyi ilə geniş nümayəndə heyəti paytaxtımıza gələcək.
Avqustun 1-də nazir Ozodbek Nazarberkovun rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Həmin gün axşam saat 19:00-da Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə iki ölkə rəsmilərinin çıxışları dinləniləcək. Gecədə Özbəkistan Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konsertdə Özbəkistanın və Azərbaycanın tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Avqustun 2-də Azərbaycan Milli Kitabxanasında yaradılmış "Özbəkistan ədəbiyyatı və incəsənəti guşəsi”nin açılış mərasimi olacaq. Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Abdulla Qodirinin (1894-1938) Azərbaycan dilinə tərcümə olunmuş “Ötən günlər” (“Otgan kunlar”) romanının təqdimatı keçiriləcək.
Həmin gün Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində A.Qodirinin “Ötən günlər” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək.
Avqustun 3-də Özbəkistan Dövlət Musiqili Teatrının yaradıcı heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında azərbaycanlı dramaturq Məcid Şamxalovun əsəri əsasında hazırlanmış məşhur “Qayınana” tamaşasını təqdim edəcək.
Həmin gün Dənizkənarı Milli Parkda Özbəkistan kulinariya və sənətkarlıq sərgisinin açılışı olacaq.
Avqustun 4-də isə Özbəkistan nümayəndə heyəti üçün mədəni proqram təşkil olunacaq. Bununla da paytaxtımızda qardaş ölkənin mədəniyyət şöləni başa çatacaq.
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Daşkənddə TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində özbək həmkarı Ozodbek Nazarbekovla görüşündə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə edilmişdi. Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinin isə oktyabr ayında təşkil olunması nəzərdə tutulur.