Bu günlərdə Fransanın Azərbaycandakı Səfirliyindən Üzeyir Hacıbəylinin Ev-Muzeyinə telefon zəngi oldu. Səfirliyin nümayəndələri muzeyi ziyarət etmək istədiklərini bildirdilər. Doğrusu, bu təklif muzeyimizin kollektivinin də ürəyincə oldu. Çünki muzeydə Fransa ilə bağlı bir çox maraqlı eksponatlar, fotolar, sənədlər, rəsm əsərləri və s. vardır.
Məlumdur ki, 1919-cu ildə Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun Hacıbəyli Azərbaycanın Xalq Cümhuriyyəti nümayəndə heyətinin tərkibində Versal Sülh Konfransında iştirak etmək üçün Paris şəhərinə getmiş və Cümhuriyyətin süqutundan sonra Vətənə qayıda bilməmişdir. Hazırda Ceyhun bəyin məzarı Paris yaxınlığındakı San-Klu şəhərindədir. İllər boyu qürbətdə mühacir həyatı yaşamış Ceyhun Hacıbəyli Azərbaycanın müstəqilliyi uğrunda öz fəaliyyətini dayandırmamış, bir publisist kimi qələmini yerə qoymamışdır. Bu gün Üzeyir bəyin ev-muzeyində Ceyhun Hacıbəylinin vaxtilə Fransadan gətirilmiş kiçik bir arxivi qorunub saxlanılır. Bu arxivdə Ceyhun bəyin ailəsilə birlikdə çəkdirdiyi fotoşəkillər, Fransada dərc etdirdiyi broşürlər, sənədlər, epistolyar ədəbiyyatdan nümunələr və daha nələr-nələr vardır...
Tarixdən bildiyimiz kimi, 1944-cü ilin noyabr ayında fransalı general, ölkənin gələcək prezidenti Şarl de Qoll Bakıda olmuşdur. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli onu yaradıcılığının zirvəsi olan “Koroğlu” operasına baxmağa dəvət etmişdir. De Qoll bu dəvəti məmnuniyyətlə qəbul etmiş, Opera və Balet Teatrında Üzeyir bəylə yanaşı əyləşərək bu ölməz operaya tamaşa etmişdir. Bu mövzuda muzeyimizdə irihəcmli qiymətli bir rəsm əsəri də vardır.
Muzeydə Fransa ilə bağlı başqa bir eksponat da qorunub saxlanılır. Bu, Napoleon Bonapartın büstüdür. Yenə tarixə müraciət etsək bilərik ki, 1859-cu ildə görkəmli fransız yazıçısı Aleksandr Düma Qafqaza səfər etmişdir. O, Bakıda olarkən ictimai xadim, şairə, Xan qızı Xurşidbanu Natəvanla görüşmüş, hətta onunla şahmat oynamışdır. Bu görüşdə Düma öz ölkəsindən bir xatirə kimi sərkərdə Napoleonun nəfis şəkildə düzəldilmiş büstünü Natəvana hədiyyə etmişdir. Bu gün həmin büst Natəvandan yadigar kimi muzeyimizin qiymətli eksponatlarından biridir.
Muzeyimizdə qonaq olan Fransa səfirliyinin nümayəndələri bu rəsmlərlə, fotolarla, əşyalarla yaxından tanış olduqca, doğrusu, bir az da heyrətləndilər. Səfirliyin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen əşyaların tarixinə aid muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcova suallar verir, özündə qeydlər aparırdı. Görüş zamanı Sərdar Fərəcov royalda Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirdi, bu əsərlərin yaranma tarixi haqqında qonaqlara məlumat verdi. Bir sözlə, bu görüş fransalı nümayəndələrin, eləcə də muzey əməkdaşlarının xatirəsində xoş təəssüratla qalacaq.
Sonda attaşe muzeyin xatirə kitabına öz təəssüratlarını yazaraq, əməkdaşlara bu səmimi qəbul üçün təşəkkürlərini bildirdi, xatirə fotoşəkilləri çəkdirildi.
Yeri gəlmişkən, biz də Fransa səfirliyinin nümayəndələrinə, eləcə də tərcüməçi Turanə İsayevaya muzeyimizi ziyarət etdiklərinə görə təşəkkürümüzü bildiririk.
Gülnarə Ələsgərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri