Teatr rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Hacıyev 31 iyul 2023-cü il tarixində, ömrünün 81-ci ilində Türkiyədə dünyasını dəyişib.
Fuad Hacıyev (Fuad Raufoğlu) 22 iyul 1942-ci ildə Bakıda görkəmli bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti Rauf Hacıyevin ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. Burada görkəmli sənətkarlar Tofiq Kazımov, Mehdi Məmmədov və Adil İsgəndərovdan sənətin sirlərini öyrənən Fuad Hacıyev məzun olduqdan sonra fəaliyyətini həmin institutda davam etdirib.
1993-cü ildən Türkiyənin Konya şəhərində Səlcuq Universitetində çalışmağa başlayıb. O, universitetdə teatr bölümünün əsasını qoyub, bu təhsil ocağındakı Dilek Sabancı Dövlət Konservatoriyasında 20 ildən artıq müəllim kimi fəaliyyət göstərib. Eyni zamanda rejissor olaraq Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet teatrlarında çoxsaylı əsərləri səhnələşdirib. Rejissor Türkiyədə yaşadığı illər ərzində ümumilikdə 100-dən çox səhnə əsərinə quruluş verib.
Avqustun 1-də Konya Səlcuq Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında mərhumla vida mərasimi keçirilib. Sənətkar Konya Yazır məzarlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.