Rumıniyanın “AGERPRES” xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vaqif – Azərbaycanın XVIII əsr şairi, siyasi və ictimai xadimi” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur.

Diplomat qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkara və ümumilikdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin bariz nümunəsi olub. Həmin il Şuşada Vaqif Poeziya Günlərinin əsasının qoyulduğu da diqqətə çatdırılır. Şuşanın otuz ilə yaxın erməni işğalı altında olduğu dövrdə erməni silahlıları tərəfindən vandalizmə məruz qalaraq dağıdılmış məqbərənin 2022-ci ildə bərpa edildiyi vurğulanır.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsindən sonra Vaqif Poeziya Günlərinin yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirildiyi da vurğulanır.

Yazıda həmçinin 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinin qeyd edilməsi və onun adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na salınması barədə məlumat verilir.